Səttar Möhbalıyev: “Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir”

10:13 02-02-2024 | icon 292
Səttar Möhbalıyev: “Müasir Azərbaycan gəncliyi savadlı, yaradıcı və vətənpərvərdir”

“Gənclər daim, bütün tarix boyu Azərbaycan xalqının əsas aparıcı hissəsini
təşkil edərək milli kimliyimizin formalaşmasında, milli-mənəvi dəyərlərimizin
və adət-ənənələrimizin qorunub saxlanılmasında aparıcı rol oynayıb,
əzmkarlığı, cəsarəti və qəhrəmanlığı ilə özündən bəhs etdirib. İşğalçılara qarşı
aparılan azadlıq mübarizələrində də Azərbaycan gəncləri ön sırada yer alıblar.
Həmçinin xalqımızın bu mötəbər təbəqəsi sağlam düşüncəli, milli ruhlu,
vətənpərvər, soykökünə bağlı və dövlətinə sadiq olublar. Müasir müstəqil
Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin
inkişaf strategiyasını müəyyənləşdirərkən gənclərə xüsusi önəm verib,
Vətənimizin tərəqqisində, dövlətimizin gələcək inkişafında onların rolunu
yüksək dəyərləndirib. Ümumiyyətlə, Ulu Öndərin istər sovetlər dövründə,
istərsə də müstəqillik vaxtı Azərbaycana rəhbərlik edərkən onun fəaliyyətində
gənclər siyasəti prioritet olub. Gənclərin sağlam şəraitdə böyüməsi, yaxşı təhsil
alması, müasir elmlərə yiyələnməsi, dövlət vəzifələrində irəli çəkilməsi üçün
əhəmiyyətli işlər görüb. O, qurub-yaratdığı müasir Azərbaycanı gənclər ölkəsi
adlandırırdı və Azərbaycanın gələcək inkişafında gənclərə böyük ümidlər
bağlayırdı. Həqiqətən də, Azərbaycan gəncliyi ona olan ümidləri layiqincə
doğrultdu. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz tarixinin ən parlaq
dövrünü yaşayır, dönməz inkişaf yolu tutaraq sabaha inamla irəliləyir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan gəncliyi demokratik ölkədə əmin-
amanlıq içərisində xoşbəxt yaşayır: “Dövlətimiz onların hərtərəfli inkişafı,
potensialının üzə çıxarılması və qiymətləndirilməsi, ictimai-siyasi həyatda
rolunun artırılması, cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsi üçün bütün
zəruri şəraitləri yaradıb. Odur ki, gənclərdə öz gücünə, istedadına inam hissi artıb, bütün sahələrdə, o cümlədən idman, təhsil və digər sahələrdə uğurları bir- birini əvəzləyir. Savadı, yaradıcılığı, işgüzarlığı ilə ad çıxaran müasir
Azərbaycan gəncliyi həm də dövlətə sədaqəti, Vətənə olan dərin məhəbbəti ilə
də fərqlənir. Onlar Vətən müharibəsində bir daha sübut etdilər ki, Ana Vətəni
canlarından artıq belə sevirlər və bu yolda ölməyi özləri üçün şərəf hesab
edirlər. Gənclərimiz, həqiqətən də, rəşadəti, qəhrəmanlığı ilə bütün dünya
ictimaiyyətini özlərinə heyran qoydular. Biz Vətən müharibəsində iştirak etmiş
hər bir gəncə minnətdarıq”.
Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları dövlətimiz
tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal
dəstək verir: “Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi
təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar
ittifaqı üzvlərinin 38,5 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif
vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi
tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və
tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar
ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar
ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və s. qərarlar
və digər sənədlər qəbul edib və onlar uğurla həyata keçirib. Ümumiyyətlə, biz
gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək
qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da
möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Buna görə də gənclərin sosial-
iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı
strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə, aksiyalara cəlb edilməsinə və
həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi
önəm veririk”.
AHİK sədri qeyd edib ki, sahə həmkarlar ittifaqlarının, demək olar ki, böyük
əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş
aparılır: “Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə əməkdə, təhsildə və
ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 500-ə yaxın gənc “İlin peşəkar gənci”
fəxri adına layiq görülüb. AHİK Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyası, Ümumhəmkarlar İttifaqları
Konfederasiyası və digər təşkilatlar tərəfindən gənclərlə bağlı təşkil edilən
tədris proqramlarında onların iştirakına xüsusi diqqət yetirir”.
“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar
ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay
sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə
fərqlənmiş tələbələrə də “Adlı təqaüd” verilir. İndiyədək 3000 nəfərə yaxın
gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəbdə aztəminatlı ailələrdən olan
300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil
haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir.
Hər il tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onlarda
elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi
istiqamətində addımlar atılır”, - Milli Məclisin deputatı əlavə edib.


Digər xəbərlər

0.31310105323792