Cəmaləddin Rüstəmov: "Bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq"

10:11 09-02-2024 | icon 885
Cəmaləddin Rüstəmov:

"Fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi".

Bu fikirləri saytımıza açıqlamasında Sumqayıt Şəhər 4 saylı Notariat Kontorunun xüsusi notariusu Cəmaləddin Rüstəmov deyib.

Cəmaləddin Rüstəmov qeyd edib ki, müşahidəçi olduğu Bakı şəhəri 20 saylı Nərimanov Seçki Dairəsinin 7 saylı məntəqəsində də əhali  fəallıq nümayiş etdirir:

"Seçicilər seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə yaxından iştirak etdilər. Məntəqənin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olundu və bu aktivlik seçki bitənədək davam etdi. Azərbaycanın seçki tarixində seçicilərin ilk dəfə belə aktiv iştirakçılığı müşahidə edildiyi də deyə bilərəm. Seçicilər könüllü şəkildə, heç bir müdaxilə edilmədən, şəffaf şəkildə səsvermədə iştirak etdilər.

 Qeyd edim ki, biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnı açıq, üzü ağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı.
Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit- poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi.

Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan
bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır”.

 


Digər xəbərlər

0.19923305511475