"Mən qorxaq futbolu sevmirəm"

06:59 13-02-2024 | icon 717

Region Liqasında növbəti tura yekun vuruldu.

Çempionluğa iddialılardan "Göyəzən" gözlənilmədən xal itirdi. Qazax təmsilçisi "Goranboy Qala"yla səfər matçında meydan sahiblərinin müqavimətini qıra bilməyib. Nəticədə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Onu da xatırladım ki, "dağlılar" 6 oyun idi ardıcıl qələbələri sıralayırdı. Matçla bağlı qazaxlıların baş məşqçisi Elxan Muradovun azeripress.az saytına açıqlaması belə oldu:

"Goranboya qələbə üçün gəlmişdik. Heyətimizdə itkilər vardı. 3 əsas heyət oyunçum zədə səbəbindən bizə kömək edə bilmirdi. Onların 2-si müdafiəçilər idi. Həmçinib daha 2 futbolçum yalnız 1 hissə oynamaq gücündəydilər. Buna rəğmən meydanda istədiyimiz oyunu sərgilədik. Amma nəticə qarşılaşmaya uyğun olmadı. 90 dəqiqə ərzində əlimizə çoxlu qol fürsətləri düşsə də, ondan yalnız birini reallaşdıra bildik. İlk hissəni qalib başa vurduq. Matçın sonuna 5 dəqiqə qalmış rəqib qapımıza yol tapdı. Bu da müdafiəmizdəki səhvlə bağlı idi. "Goranboy Qala" qarşılaşma ərzində cəmi 2 qol epizodi yaxaladı ki, onun birindən istifadə etdi. Biz isə hücumda kersək də, onları ancaq 1 dəfə məyus etdik. Boş qapıya düşə bilmədik, tirdən qayıdan topumuz var. Etiraf edim ki, rəqibin qapıçısı da yaxşı çıxış etdi. O, bizim üçün alınmaz qalaya çevrildi. Yeganə sevindiyim məqam odur ki, oyun planında üstün idik. Mən heç vaxt qorxaq futbol sərgiləməyin tərəfdarı olmamışam. Sırf xal qazanmağı hədəfləsəydik elə 1 xalı uğur hesab edərdim. 6 oyun idi qələbələr sıralayırdıq. Bunun ardını gətirmək və liderliyimizi bir qədər də möhkəmləndirmək istəyirdik, alınmadı. Goranboya 3 xal üçün gəlmişdik. 1 xal qazandıq, 2 vacib xal itirdik".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.28196001052856