Strasburqda Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb

15:16 06-03-2024 | icon 1179
Strasburqda Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb.

 

İclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

 

İki gün davam edəcək iclasda müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.

 

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, Katiblikdə yeniliklər və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

 

İclas çərçivəsində müxtəlif Milli Antidopinq Təşkilatlarının (NADO) uyğunluq statusu ilə bağlı sirkulyar məktublara baxılıb. 2025-2027-ci illər üçün WADA Fondunun İcraiyyə Komitəsinə və Şurasına Avropa nümayəndələrinin seçilməsi prosedurları da müəyyən edilib. Müvafiq məşvərət qrupları WADA-nın iclasının gündəliyində duran məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.

 

Açıq sessiyada WADA-nın ümumi təqdimatı olub və müxtəlif suallar cavablandırılıb.

 

İclasın birinci günü CAHAMA-nın qarşıdan gələn WADA İcraiyyə Komitəsinin iclası, Komitənin sədr və sədr müavininin seçilməsi və digər işgüzar məsələlərlə bağlı mövqeyinin müzakirəsi ilə yekunlaşıb.

 

Tədbirə martın 6-da yekun vurulacaq.


Digər xəbərlər

0.40141415596008