Səttar Möhbalıyev: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, strateji xarakter daşıyır”

19:18 12-03-2024 | icon 551
Səttar Möhbalıyev: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, strateji xarakter daşıyır”

“Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirmək təşkil edir. Xüsusilə, son illərdə bu aspektdə görülən işlər davamlı xarakter daşıyır, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər qarşıda yeni əməkdaşlıqlar üçün zəmin yaradır. Yenidən dövlətimizin başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu barədə danışarkən vurğuladı ki, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, bir daha təsdiqləyir ki, ölkəmizin xarici siyasətində bundan sonra da qardaş dövlətlərlə münasibətlər vacib istiqamət olacaq. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələrinin səviyyəsini yüksək dəyərləndirmək olur”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ümumiyyətlə, xalqlarımızın eyni kökdən gəlmələri, ortaq tarixə, mədəniyyətə, dinə və ən əsası bir dildə danışmaları iki dövlətin dost və qardaş münasibətinin möhkəm təməllərini göstərir. Həmçinin ölkələrimiz müstəqillik qazandıqdan sonra diplomatik əlaqələr qurdular və bu, yeni-yeni sahələr üzrə daim yüksələn xətlə inkişaf edib. Qazaxıstan eləcə də Azərbaycanın haqq işinə ardıcıl dəstək verən, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyən ölkələrdən olub. Ermənistan işğalı nəticəsində dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin ədalətli mövqeyinin davamıdır. Və ərazilərimizin bərpasına verilən bu töhfə ölkəmizin rəhbərliyi və xalqımız tərəfindən yüksək qiymətləndirilib”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti dövlət səfəri, bir sıra vacib sənədlərinin imzalanması, mühüm məsələlər üzrə aparılan danışıqlar və razılaşmalar dostluq münasibətlərini daha da dərinləşdirəcək, əlaqələrimizdə yeni perspektivlər açacaq: “Dövlətimizin başçısı cənab İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı nəqliyyat-tranzit məsələsinə də toxundu. Bildiyimiz kimi, dünyada baş verən mürəkkəb proseslər fonunda Orta Dəhlizin rolu artmaqdadır və bu layihə artıq öz gücünü göstərib. Məsələn, əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması, məsrəflərin azaldılması baxımdan son dərəcə önəmlidir. Həmçinin dəhliz vasitəsilə daşınan yüklərin həcminin artırılması istiqamətində iş aparılır. Belə ki, Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir”.

“Səfər çərçivəsində neft-qaz sahəsində əməkdaşlıqla bağlı vəziyyət də geniş təhlil edilib. Məlumdur ki, ölkələrimiz arasında neft üzrə uğurlu əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Qazaxıstan mənşəli xam neftin dünya bazarına çıxarılmasını buna misal olaraq göstərə bilərik. Eləcə də xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi bu sahədə uğurlu əməkdaşlığı göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsinə gəldikdə isə burada da müsbət dinamika var. Belə ki, təkcə ötən il ticarət dövriyyəsi 598,47 milyon dollar olub”, - Milli Məclisin deputatı vurğulayıb.

Səttar Möhbalıyev əlavə edib ki, Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək və bütün sahələrdə əməkdaşlığımızın göstəriciləri nəzərəçarpacaq dərəcədə artacaq.

 


Digər xəbərlər

0.2418110370636