Şanlı ordumuz xalqımızın qürur mənbəyidir

11:59 21-03-2024 | icon 1902
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir

Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır.

         Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

         Martın 18-də Prezident, Ali Baş Komandan Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bunlar barəsində geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. Qeyd edildi ki, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.

          Ali Baş Komandan xüsusilə vurğuladı ki, Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi.

        Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Onu elə günə saldıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır.

         Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Ölkəmizdə elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır. . Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və gedirdilər. Bu nəsil bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir və bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq.

 

Arif Abdullayev,

 Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası


Digər xəbərlər

0.24747395515442