Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL

13:03 24-03-2024 | icon 863
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL

Xeyli vaxt idi yapon filmlərinə baxmırdım. Bu "orucluğ"a Yasudziro Odzunun 1949-cu ildə lentə aldığı "Gecikmiş bahar"la (yaponca "Banşun", ingiliscə "Late spring") son qoydum. Ekran işi II Dünya Müharibəsindən sonrakı "gündoğan ölkə"də əhalinin güzəranı, amerikan işğalı və sadə insanların yaşantılarından bəhs edir. Somiya ailəsi də öz güzəranını keçirən, heç kimə dəyib-dolaşmayanlardandı. Bu balaca birliyin cəmi 2 üzvü var: ata və qız. Onların hər ikisi savadlı, mehriban və bir-birlərinə qarşı son dərəcə qayğıkeşdilər. Ata - Sukiti Somiya ədəbiyyat sahəsi üzrə professordu, gününü yazı-pozu, tərcümələr etmək və sevimli qızı Noriko ilə keçirir. Belə ki, alim həyat yoldaşını çoxdan itirdiyindən yeganə övladını təkbaşına böyüdüb və onun üstünə analıq gətirməyib. Övlad da atasını çox sevir. Madmazel də eynən valideyni kimi savadlı, kitabsevər və mehribandı. Somiya ailəsi nə qədər ziyallı və müasir Avropa geyim üslublarından istifadə etsələr də, yapon dəyərlərinə bağlıdılar. Amma görünən odur ki, müharibədə məğlub olan, ardıncada ABŞ-ın istilasına məruz qalan ölkədə bir çox mental dəyərlərdə "dəyişkən"lik baş verir. Onlardan da biri insanların ikinci dəfə ailə həyatı qurmasıdı. Bu "yenilik" isə 27 yaşlı Norikoya xoş gəlmir və madmazel belə evlilikləri heç cür düzgün qarşılamır. Hətta dokuşin jozeyi (yaponca evli olmayan qadına müraciət) atasının dostlarından birinin yenidən evlənməsini biləndə bunu natəmizlik, çirkablıq adlandırır. Noriko yaraşıqlı, baxımlı uzunsaçlı olsa da, evlənməyə tələsmir, baxmayaraq ki, onun 27 yaşı var. Bu yaşda isə həmin dövrdəki Yaponiyada nəin ki, qadınların, heç kişilərində subay qalması xoş qarşılanmırdı. Sukiti qızını nə qədər sevsə də, onun evlənməsinin vacibliyini də anlayır. Əslində professor heç də yeganə övladını məcburi ərə vermək kimi düşüncəsi yoxdu, sadəcə yaşlanması, ayağının birini gorda olması bir valideyin kimi onu narahat edir. O, qızının həyatında sevdiyi birinin olmadığı anladıqdan sonra baldızı sayəsində övladına evlənmək üçün namizəd tapır və onları tanış edir. Namizəd son dərəcə, savadlı, centlemen biri olsa da, Noriko nə evlənmək, nə də atasından ayrılmaq istəyir. Alim ata qızı ilə evlilik məsələsi barədə ilk dəfə söhbət açanda, övladı narazılıqla deyir:

"Ata, mənsiz həyatınız necə olacaq? Paltarınızı kim yuyacaq, yemək-içməyinizi kim hazırlayacaq? Üzünüzü kim qırxacaq? Yazı masanızı kim təmizləyəcək? Olduqca köməksiz olacaqsız. Mən sizi qoyub ərə getmək istəmirəm".

Belə olduqda ailə başçısı qızına içində saxladığı bir sirri açır. Kişi də yenidən evlənmək istədiyini bildirir. Bu xəbər Norikonu sarsıdır. Qız məcbur olub könülsüz halda əri olacaq namizədlə yenidən görüşməyə başlayır. Amma bu dəfə də qəti qərar vermir. Belə olduqda ata qızı ilə son dəfə Kioto şəhərinə dincəlmək üçün səfər edir. Professor gənc vaxtlarından balasıyla birgə bu kurort şəhərinə istirahət gedib xoş anlar yaşamışdı. Məhz bu səfər zamanı madmazel Somiya bir daha atasına ərə getmək arzusunda olmadığını, ondan ayrılmaq istəmədiyini, hətta valideyninin yenidən evlənməsinə də qəbullanacağını bildirir. Belə olduqda ailə başçısı övladıyla sonuncu dəfə evliliklə bağlı bunları söyləyir:

"Mənim artıq 56 yaşım var. Ömrüm finala doğru addımlayır. Sənin həyatın isə hələ yeni başlamaqla yanaşı növbəti mərhələyə keçir. İnsanın yaşam dediyi anlamda budur. Sən isə hələ də mənimlə yaşamaq istəyirsən. Bu isə mənim dünyamı dağıdır. Evlilik heç də başlanğıcdan xoşbəxt olacaq demək deyil. İnsan xoşbəxtliyin gəlməsini gözləməlidi. O dəyər elə belə yerə verilmir və heç nə olmamış kimi gəlmir. Xoşbəxtlik zamanla baş verir, özü də insan onu yaratmaqla özünə doğru gətirir. İki insanın birgə yaşayışı da xoşbəxtlik yolunda addımdı. Evlilikdən sonra xoşbəxtliyin gəlişi illərlə çəkə bilər. Xoşbəxtlik fədakarlıq tələb edir. Yalnız bunu edəndə bir dam altında qadın ilə kişi ər-arvad olmağı bacarır. Sənin ananda mənimlə evlənəndən sonra ilk illərində xoşbəxt deyildi. Mən onu həmişə gözüyaşlı görürdüm. İlk vaxtlar bizim bəlli problemlərimiz vardı. Amma müəyyən vaxtdan sonra anan başa düşdü ki, mənsiz yaşaya bilməz. Qızım, istəyirəm ki, zamanla mənə bəslədiyin sevgini evləndikdən sonra ərinə bəxş edəsən".

Atasından bu sözləri eşidəndən sonra Noriko evlənmək üçün qərar verir. Amma içində yenə küskünlük, inciklik qalır. Qısa müddət sonra nogasu (yaponlarda qızlara müraciət forması) ata evindən ər evinə köçür. Cənab Somiya yeganə övladına layiqli toy mərasimi keçirir.

Filmin əsas mənası sonda müəyyənləşir. Belə ki, ekran əsərindəki həyati novelladakı sirr bəlli olur. Əslində professorun heç bir qadınla evlənmək niyyətinin olmadığı üzə çıxır. Atanın başlıca məqsədi sağ ikən övladının uşaqlıq hislərindən uzaqlaşıb qadınlığa keçid etməsini nail olmaq idi. Hansı ki, ata Somiya illərlə qızını çox sevdiyindən bunu edə bilməmişdi. Bu cür halın davamiyyəti isə Norikonun yeganə nümunəvi kişi obrazında atasını görməsi və heç vaxt evlənməməsi demək idi.

Ekran əsərinin ən təsirli səhnəsi qızının toy mərasimi bitirib geri qayıdanda Sukitinin ölü sükutu bürümüş evinə daxil olaraq masa arxasında oturub alma soyub da yeyə bilməyib və dərin fikirə dalmağıdı.

Kinoda ən maraqlı dialoqlardan biri professor Somiyanın dostu Dzö Onoderi ilə olan söhbətidi.

          - Dzö Onoderi: Qızın axır ki, ərə gedir. Ondan yaxşı həyat yoldaşı olacaq.

  • - Professor: İstənilən halda oğul bütün qız övladlarından daha yaxşıdı. Qızları böyüdürsən-böyüdürsən sonra onlar köçüb gedirlər. Qızlarımız evlənməyəndə narahat oluruq. Ərə gedəndə isə özümüzü tərk edilmiş kimi hiss edirik.

Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL

"Gecikmiş bahar" filmində dərin hislər, psixoloji motivlər, valideyn-övlad, ata-qız münasibətləri və bir balaca ailənin timsalında yapon xalqının hansı dəyişiklərdən keçməli olduğunu rejissor Yasudziro Odzu göstərməyə çalışıb. Onu da xüsusi vurğulayım ki, adı çəkilən rejissor kinokaryerasıyla yanaşı yapon-çin və II Dünya müharibəsində də döyüşüb. O, 1945-ci ildə isə 6 ay britaniyalıların əsir düşərgəsində olub. Sənətkar 60 il (1903-63)
ömür sürüb və nadir insanlardandı ki, öz doğum günündə ölüb. Diqqət çəkən digər məqam isə Noriko Somiya obrazını canlandıran aktrisa Seçuko Hara 95 il ömür sürməsinə rəğmən nə ailə həyatı qurub, nə də övlad sahibi olmasıdı. Filmə baxmaqla bir çox məsələlərdən agah olmaq olar. Belə ki, ekran əsəri 75 il əvvəl çəkilsə də, ordakı hadisələr, incə nüanslar, insan taleləri, valideyin fədakarlığı, mental dəyərlər, etnopsixoloji yanaşmalar və digər məsələlər bu gün də Azərbaycan və digər 3-cü dünya ölkələrində aktualdı.

Yazdıqlarım kimlərəsə maraqlıdısa, filmə baxmağa tövsiyə edirəm.

 

Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL


ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.26586699485779