Səttar Möhbalıyev: “Soyqırımı qurbanları və bütün şəhidlərimizin ruhu bu gün şaddır”

23:23 29-03-2024 | icon 1031
Səttar Möhbalıyev: “Soyqırımı qurbanları və bütün şəhidlərimizin ruhu bu gün şaddır”

“Tariximizin unudulmaz səhifələrindən biri də 1918-ci ilin mart-aprel
hadisələridir. Məhz həmin dövrdə 30 mindən çox azərbaycanlı erməni silahlı
dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu da, təbii ki, erməni
millətçilərinin uydurduqları, heç vaxt mövcud olmayan “Böyük Ermənistan”
ideyasının gerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyu
soydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara və soyqırımılara
səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünü göstərmişdir. Qeyd
etdiyimiz dövrdə də erməni millətçiləri yaranmış vəziyyəti tarixi fürsət bilərək
belə qanlı hadisələrə əl atdılar. Məhz etnik və dini mənsubiyyət səbəbindən
təkcə Bakı quberniyasında on minlərlə dinc sakin işgəncələrə məruz qalmış və
vəhşicəsinə qətlə yetirilmişdir. Soyqırımı Bakı ilə yanaşı, həm də Qarabağda,
Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda
da törədilmişdir. Həmçinin 10 minlərlə dinc sakin öz torpaqlarından didərgin
düşmüşdür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mart hadisələri zamanı eləcə də yaşayış məntəqələri,
mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar da dağıdılmışdır: “Yəni bu
əməllər erməni millətçilərinin xain xislətinin, vəhşi təbiətinin təzahürləridir ki,
gözlərinə görünən, qarşılarına çıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara,
uşaqlara belə rəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar
üsullara da əl atıblar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki, orada
aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Demək olar ki,
onların hamısı balta, xəncərlə öldürülüb, başları bədənlərindən qopardılıb.

Bəzi kəllə sümüklərində mismarlar da aşkarlanıb. Bu, bir daha həmin hadisələrin

hansı qəddarlıqla törədildiyini gözlər önünə sərir”.
“Məlumdur ki, sovet hakimiyyəti illərində çox çalışdılar, əllərindən gələni
etdilər ki, erməni cəlladlarının törətdikləri soyqırımıları, qətliamları tarixdən
silsinlər, insanlara unutdursunlar. Təbii ki, bu cəhdlərin hamısı faydasız oldu.
İmperiya dağıldıqdan sonra isə pərdələr qalxmağa başladı, haqq-ədalət öz yerini
tapdı. Məhz dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə
imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara
qarşı həyata keçirilmiş soyqırımıların ilk dəfə rəsmi şəkildə adı çəkildi, erməni
şovinistlərinin soydaşlarımıza qarşı nümayiş etdirdikləri etnik düşmənçilik
siyasətinin kökləri açıldı, bu tipli məkrli, qeyri-insani əməllər öz siyasi
qiymətini aldı. Eləcə də Fərmanla 31 mart günü Azərbaycanlıların Soyqırımı
Günü elan edildi. Habelə bu Fərman soyqırımı ilə bağlı yeni araşdırmalara yol
açdı, həmin tarixin öyrənilməsi ilə bağlı əhəmiyyətli işlər görüldü”, - AHİK
sədri qeyd edib.
“Mən dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə Qubada
“Soyqırımı memorial kompleksi“ yaradılmasını xüsusilə vurğulamaq istərdim.
Bu addım soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, baş verən qanlı
hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi
baxımdan son dərəcə əhəmiyyətlidir. Görürük ki, ölkəmizə gələn xarici
qonaqlar, turistlər, həmçinin vətəndaşlarımız, xüsusilə məktəblilər kompleksi
ziyarət edir və dolğun məlumatlar toplayırlar. Biz bu tarixi unuda bilmərik, onu
daim yaşatmalıyıq və təbliğ etməliyik. Hər il Azərbaycanlıların Soyqırımı Günü
ərəfəsində dövlət orqanlarında, ictimai təşkilatlarda, elm və təhsil
müəssisələrində tədbirlər təşkil edilir. Nəzərinizə çatdırım ki, ölkəmizin
həmkarlar ittifaqları da Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir, soyqırımı
qurbanlarının xatirəsi dərin hörmətlə anılır“, - Milli Məclisin deputatı bildirib.

 

“Tarix boyu soyqırımılara, qətliamlara əl atan, dinc sakinləri qətlə yetirən,
ərazilərimizdə vandalizm törədən, torpaqlarımızı işğal edən düşmənin cavabı
layiqincə verildi. Həm cəmi 44 gün davam edən Vətən müharibəsində, həm
ondan sonra həyata keçirilən bir sıra lokal hərbi əməliyyatlarda, həm də
Qarabağdakı bir sutkadan da az müddətdə baş tutan antiterror tədbirlərində
bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisası döyüş meydanında misli ilə
alındı. Fəxarətlə deyə bilərik ki, bu gün onların ruhu şaddır, çünki canlarını fəda
etdikləri Vətən torpağı tam azaddır”, - Səttar Möhbalıyev əlavə edib.


Digər xəbərlər

0.2157199382782