Nazirlər güləşçilərlə görüşdü - Fotolar

23:22 30-03-2024 | icon 300
Nazirlər güləşçilərlə görüşdü - Fotolar

Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər.

Bu haqda Elm və təhsil Nazirliyi məlumat yayıb.

Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır. Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, populyarlığını və kütləviliyini artırır.

Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.

Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi gimnaziyada təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər. 5-11-ci siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik və bacarıqlara yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır. Bu layihə Azərbaycan güləşinin inkişafında, yeni sağlam nəslin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Həmçinin tədbirdə bildirildi ki, Avropa çempionatı kimi mötəbər yarışda uğurlu nəticələr sərgiləmiş idmançılarla görüşün gimnaziyada keçirilməsi təsadüfi deyil. Burada təhsil alan yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından tanış olması, uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün əlavə stimul olacaq.

Xarici dillər təmayüllü gimnaziya 1029 yerlikdir. Yeni binada sinif, laboratoriya, informatika və hərbi hazırlıq otaqları, kitabxana və yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən 3 mərtəbəli yataqxana korpusu 185 yerlikdir. Burada sinif və yataq otaqları, yeməkxana, akt və qapalı idman zalları fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası mövcuddur.

Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat verilib və yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.

 

 





Digər xəbərlər

0.26910305023193