"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" -  Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova

13:58 29-04-2024 | icon 1212

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşovanın "Azeripress.az"-a müsahibəsi

Türk dünyasına inteqrasiya üçün bu gün əlverişli şərait yaranıb. Birinci Türk Dövlətləri Kardioloji Qurultayının keçirilməsini məhz bununla bağlı hesab etmək olarmı?

Tədbirin yaranma ideyası möhtərəm Prezident İlham Əliyevin son dövrdə apardığı xarici siyasətin prioritet istiqamətlərindən olan türk dostluğunun möhkəmləndirilməsi və Prezidentin inaqurasiya zamanı söylədiyi - “Bizim başqa bir ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır” fikrindən yaranıb. Kardiologiya sahəsində dövlətimizin apardığı siyasəti möhkəmləndirmək üçün Səhiyyə Nazirliyi ilə birgə bu qurultayın keçirilməsini özümüzə borc bildik. Düşünürəm ki, belə bir tədbir artıq türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək. Qurultay 3 gün davam edib. Qurultayda Türkiyə Cümhuriyyəti, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan,  Bosniya-Hersoqovina, Şimali Kipr Respublikasından institut direktorları, professor-həkim heyəti iştirak edib. Qurultayda 1000 nəfər həkim iştirak edib, Türk dövlətlərindən 50-yə yaxın nümayəndə qatılıb. Qurultay çərçivəsində Respublikada ilk dəfə olan Tavi, EVAR, TEVAR, renal denervasiya kurslarını təşkil edib, gənc tədqiqatçıların klinik hal təqdimatları müzakirə olunub.  

Hazırda Azərbaycanda və ümumi olaraq Türk Dünyasında kordioloji vəziyyət necədir?

Bu gün üçün tək türk dövlətlərində deyil ürək-damar xəstəlikləri bütün dünyada ilk sıralardadı. Eyni zamanda, xəstələrin vaxtında diaqnostika, yeni metodlardan istifadə olunmaması, həkimlərin maarifləndirilməsi aktual məsələlərdəndir. Düşünürəm ki, kardiologiyada innovativ texnologiyaların tətbiq edilməsi mütləq şəkildə xəstəliklərin ağırlaşmalarının əmələ gəlməsinin qarşısını alacaq, ölkədə əlillik və ölüm səviyyəsinin aşağı salınmasına səbəb olacaqdır.

 Gələcəkdə də bu cür tədbirlərin, görüşlərin (istər ölkəmizdə istərsə də digər türk dövlətlərində) keçirilməsi nəzərdə tutulub?

 Qurultayda iştirak edən Səhiyyə naziri cənab Teymur Musayev tədbirin ənənəvi olaraq digər türk ölkələrində davam etdirilməsini təklif edib. Bununla bağlı artıq qurultayda iştirak edən ölkələrin nümayəndələrindən müraciətlər alırıq. Qurultayın keçirilməsində məqsəd həm Azərbaycandakı mütəxəssisləri, həm də digər türk dünyasındakı kardioloqları bir araya gətirmək idi. Çox sevinirəm ki, buna nail olduq. Türk dünyası ölkələrindən gələn nümayəndələrdən qurultayın təşkili ilə bağlı çox gözəl fikirlər eşitdik. Tədbirdə çox önəmli, innovativ, robotik cərrahiyəyə aid minimal invaziv kardiologiyaya aid hazırda dünyada tətbiq olunan metodların Azərbaycanda tətbiq olunması və aparıcı mütəxəssislərimizlə xaricdən gətirilən simulasyon manikenlərdə bunun nümayiş etdirilməsi maraqla qarşılandı. Biz bunları davamlı olaraq bölgələrdə təşkil etməyi düşünürük. 3 gün davam edən qurultayın elmi hissəsinə aid çox zəngin proqramımız var idi. Bu proqramda dünyada tətbiq olunan ən yeni müalicə və müayinə metodları müzakirə edildi. Eyni zamanda real klinik hallar əsasında debatlar apardıq. Ən maraqlı məqamlardan biri də iştirakçı mütəxəssislərin ölkələrdəki epidemioloji vəziyyətlər zamanı hansı metodlardan istifadə edərək tibbi xidmətin yaxşılaşdırılmasını təmin etməkləri barədə bölüşdükləri fikirlər oldu.  Bu qurultaya ev sahibliyi etməyimizdən qürur duyduq.

Sizcə, qurultayın nəticələri türk dövlətlərində kardiologiya sahəsinin inkişafına necə təsir edəcək?

Qurultayda müzakirə olunan məsələlər iştirak edən türk dövlətlərinin böyük platformada bir araya gələrək yeni innovativ texnologiyaların kardiologiyada geniş tətbiq edilməsinə, əhaliyə göstərilən kardioloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcəkdir. Biz qarşılıqlı əmakdaşlıq, təcrübə və mütəxəssis mübadiləsi ilə geniş əməkdaşlıq etmək planlaşdırırıq. Bu barədə müxtəlif anlaşmalar əldə edilib.

Fərəc Aslanov


Digər xəbərlər

0.22756099700928