2016-cı il Bakı sakinlərinin yaddaşında hansı hadisələrlə qaldı? – SORĞU

18:43 30-01-2017 | icon 7970
2016-cı il Bakı sakinlərinin yaddaşında hansı hadisələrlə qaldı? – SORĞU

Yola saldığımız 2016-cı il dünyada bir çox hadisələrlə yadda qaldı. Bəs görəsən, beynəlxalq aləmdə baş verənlərə Bakı sakinlərinin münasibəti necədir? Paytaxt sakinləri hansı hadisələri 2016-cı ilin unudulmazları sırasında görüblər?

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini açıqlayıb.

Rəyi soruşulmuş paytaxt sakinlərinin 29%-i üçün ilin əsas hadisəsi Suriya və onun ətrafında baş verənlər olub. Yaxın Şərq münaqişəsinin adını çəkənlər, əsasən, 65 və daha çox yaşı olan ahıl nəslin nümayəndələridir (38%). Kişi respondentlərin arasında 2016-cı ildə ən çox yaddaqalan (32%) hadisə də məhz Suriya böhranıdır.

Türkiyədə hərbi çevrilişə cəhd də paytaxt sakinlərinin diqqətindən yayınmayıb (28%). Əsasən, orta nəslin nümayəndələri (45-54 yaş aralığı) çevriliş cəhdini ilin hadisəsi adlandırıblar (41%). Və maraqlısı budur ki, bu qadın respondentlərin 2016-cı ildə ən çox xatırladığı hadisədir (30%).

Terror aktları da ötən ili xatırlayanların siyahısında top beşliyə düşməyi bacarıb. Bakı respondentlərinin beşdə biri (19%) 2016-cı ili daha çox terror hadisələri ilə assosiasiya etdiklərini bildiriblər.

ABŞ-da keçirilən prezident seçkiləri də Bakı sakinlərinin diqqətindən yayınmayıb. Rəyi soruşulan sakinlərin 18%-i Donald Tramp və Hillari Klinton arasındakı seçki marafonunu ilin ən xatırlanan hadisəsi hesab edib. Xüsusən, gənc nəslin nümayəndələri (18-24 yaş aralığı) ABŞ-da baş tutan seçkilərə diqqət ayırıblar (26%).

İlin sonunda Ankaradakı Rusiya səfiri Andrey Karlovun öldürülməsi 17%, İŞİD-in fəaliyyəti isə 12% respondentin ən yaddaqalan hadisələridir.

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğunun nəticələrində yanlışlıq həddi maksimum 4,9%-dir.

A.M.


Digər xəbərlər

0.25502705574036