Sələmçillər Azərbaycan cəmiyyətinin viruslarıdır – TƏHLİL

18:18 04-02-2017 | icon 7547
Sələmçillər Azərbaycan cəmiyyətinin viruslarıdır – TƏHLİL

Aqil Qəhrəmanov: “Ağcabədidə baş verən hadisə bizim üçün həyəcan siqnalıdır”

Bu günlərdə ölkə mətbuatında Ağcabədi sakini Səadət Məmmədovanın onu qızını girov götürən sələmçilərdən şikayəti yayıldı. Səadət Məmmədova Ağcabədi rayonunda sələmçilərin toruna düşdüyünü bildirir: “2013-cü ildə Ağcabədi rayonunun Avşar kəndində Sahibə Cəfərova adlı qadından qızıllarımı girov qoyaraq 6 min manat məbləğində sələm götürdüm. Həmin vaxt Sahibə Cəfərova Elyaz Qədimov adlı bir nəfərin pulunu sələm kimi müxtəlif insanlara verirdi. Mən aldığım sələmi hissə-hissə ödədim. Lakin sonradan sələm götürdüyüm şəxs mənə bildirdi ki, onlara heç nə ödəməmişəm. Mən hər dəfə pul ödəyəndə qəbzini özlərində saxlayırdılar. Yenə pul ödəməyə başladım, lakin hər dəfə pulun ödənişini bir gün, yaxud da bir neçə saat gecikdirdiyimi bildirirdilər. Buna görə də məbləğ bir neçə dəfə artmışdı. Elə oldu ki, mən ötən bir neçə ildə götürdüyüm 6 min manata görə 100 min manata yaxın pul ödədim”.

Səadət Məmmədova əvvəlcə pulun qalanının ödənilməsi üçün hədələndiyini, daha sonra isə qızının girov götürüldüyünü iddia edir. O hesab edir ki, sələmçilər ona böhtan ataraq qondarma yollarla işin istintaqına təsir göstəriblər: “Qızıllarımı mənə qaytarmadılar, yeznəmin, özümün, bacımın adına kredit götürdüm, ətrafımda kim varsa, hamısından borc alıb sələmçilərə verdim. Mən ödədikcə onlar daha artıq pul tələb etdilər. Daha sonra məni telefonda hədələməyə başladılar. Dedilər ki, pulu ödəməsəm, mənim başıma pis oyunlar gətirəcəklər.

“102”yə zəng etdim. Lakin bir xeyiri olmadı. Ağcabədidə polis əməkdaşları sələmçilərin sözünü deyirdi. Qızıllarımı geri almağa gedəndə 9 yaşlı qız övladımı tutub saxladılar ki, pulun qalanını ödəyim. Uşağı bir gün mənə vermədilər. Sabahısı günü qonşudan 2 min manat alıb aparıb ödədim ki, qızı götürüm.

Mən prokurorluğa qızımın girov götürüldüyü barədə şikayət verməyə gələndə, sələmçilər məndən polis orqanlarına şikayət etdilər. Guya mən onlardan pul almışam ki, əvəzində onlara qızıl alıb gətirim. İşi aparan müstəntiq sələmçilərlə əlbir hərəkət edirdi. Etiraz etdim ki, iş alınıb başqa müstəntiqə verilsin. İşin istintaqı başqa müstəntiqə həvalə olundu. Səs yazılara baxıldı, mənim əvəzimə saxta yolla çəkilmiş imzalar ortaya çıxdı, video ilə üzləşmə təşkil olundu və nəticədə şikayət ləğv olundu. Lakin heç bir əsas göstərilmədən iş araşdırılmaq üçün yenidən sələmçilərlə əlbir olan əvvəlki müstəntiqə verildi.

Bu müstəntiq istintaqı sələmçilərin istədiyi kimi apardı. Hazırda iş məhkəməyə göndərilib. Mənim tələbim ondan ibarətdir ki, istintaq yenidən aparılsın. Fevralın 1-də məhkəmənin hazırlıq iclası keçiriləcək. Aldığım sələmi onlara ödədiyim barədə səs yazıları da var. Həmin səs yazılara qulaq asdıqda da aydın olur ki, mən onlardan qızıl gətirmək üçün pul almamışam. Həmin səs yazıları Bakıya ekspertizaya göndərildi və mənimlə sələmçilər arasında gedən telefon danışığı olduğu sübut olundu”.

Səadət Məmmədova bildirir ki, Ağcabədidə hamı bu sələmçilərdən şikayətçidir: “Birinin evi, birinin maşını, birinin qızılı, var-dövləti bu sələmçilər tərəfindən qeyri-qanuni yollarla əllərindən alınıb. Avşar kəndində Sahibə Cəfərova, Elyaz Qədimov, İsmixan Ələkbərov, Nicat Qədimov və digərlərindən ibarət sələmçi dəstə var. Ağcabədidə müstəntiqlər, məhkəmə hakimləri həmin sələmçilərlə əlbirdir. Bir nəfər məhkəmənin önündə özünü yandırmışdı”.

Qeyd edək ki, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova və hakimi Etibar Quliyevə fəaliyyətlərindəki nöqsanlara görə 2 il bundan əvvəl Məhkəmə Hüquq Şurası tərəfindən töhmət verilib (femida.az).

Qeyd edək ki, ötən il iyunun 28-də Legion.az saytında“Sumqayıt Prokurorluğunda səhlənkarlıq: vətəndaşın ərizəsi ətraflı araşdırılmayıb?– FOTOFAKT” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Sumqayıt sakini Elza Süleyman qızı Xələfovanın sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. Elman Əliyev adlı şəxs onu Rövşən Mahmudov adlı sələmçi ilə əlaqələndirib və notariusda atası Süleyman Xələf oğlu Xələfovun adına olan evlə bağlı “alqı-satqı” edərək (“Muğanbank”dakı hesaba 40 min manat yatırıb, sonra ondan almaqla), 18 min manatlıq sələm borcuna salıb. Bu pulu isə E.Əliyev ondan guya “Qafqaz İnkişaf Bankı”ndan 50 min manatlıq ipoteka krediti üçün “şapka” olaraq alıb. Lakin pul da gedib, ipoteka vədləri də, mənzil də. Övladı xəstə olan, əməliyyata pul tapmaq ümidi ilə fırıldaqçıların toruna düşən ana isə kor-peşman mətbuata üz tutub… Lakin burda dayanaq!

İyunun 28-də E.Xələfova ilə əlaqə saxladıq. O bizə bildirdi ki, atası S.Xələfov 2015-ci ilin dekabrın Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib: “Ordan bu iş göndərilib Sumqayıt ŞPİ 2-ci polis bölməsinə, bu il fevral ayının 4-də 2-ci PB-nin rəisi Ramiz Əlişanov bizə cavab yazdı ki, bu, mülki məsələdir. Biz bu dəfə Respubika Baş Prokurorluğuna müraciət etmişik. Fevralın 29-da Müraciətlərə Baxılması İdarəsinin rəis müavini Aynur Osmanova Sumqayıt prokuroru Sərdar İmanova məktub yazaraq, surətini də atamın adına göndərdi. Həmin məktuba görə, Sərdar İmanov atamı prokurorluğa dəvət edib dinləməli, məsələni araşdırmalı idi. Lakin bu baş vermədi.

Martın 12-də Sumqayıt şəhər prokurorunun müavini Kamran Mahmudovdan cavab gəldi ki, guya biz mənzilimizi “Muğanbank”a girov qoyub götürdüyümüz 40 min manatı Kənan adlı şəxsə vermişik və buna görə şikayətçiyik. Bizim “Muğanbank”la heç bir girov işimiz olmayıb. Sadəcə sələmə pul verilərkən, Rövşən Mahmudov və dostu Kənan Mustafayev alqı-satqı müqaviləsi imzalanan zaman formallıq üçün atamın hesabına pul yatırıblar, sonra da geri alıblar. Bu barədə məktubda yazdığımız halda, heç bir araşdırma aparılmayıb. Bizi prokurorluğa da dəvət etməyiblər… Artıq bilmirəm hara şikayət edim. Üç aydır Sumqayıt Şəhər Prokurorluğuna nə qədər müraciət etsəm də, heç bir nəticəsi yoxdur”.

 Həmçinin, qeyd edək ki, Sudef Məcidov adlı vətəndaş da Fatma Yolçiyeva adlı sələmçi tərəfindən 1,5 milyon manat dəyərində obyektinin 200 min manat sələm müqabilində mənimsənildiyini qeyd etmişdi. Düzdür, şikayətçi sonradan Qafqaz Xəbər Agentliyinə F.Yolçiyeva ilə barışdığını bildirmişdi, lakin bu günlərdə S.Məcidov yenidən redaksiya ilə əlaqə saxladı, F.Yolçiyevanın ona yalan vədlər verdiyini və növbəti dəfə aldatdığını bildirdi. S. Məcidovun sözlərinə görə  F.Yolçiyeva bundan əvvəl ona söz vermişdi ki, mətbuata şikayətlərini dayandırsa dəyən zərəri ödəyəcək.

Bu və digər halların hüquq mühafizə orqanları, habelə, məhkəmələr tərəfindən “adi borc” kimi dəyərləndirilməsi, cəmiyyətdə böyük sarsıntıya səbəb olur.

Bu barədə Qafqaznews.az-a danışan hüquqşünas-ekspert, ehtiyatda olan polis mayoru Aqil Qəhrəmanov bildirdi ki, sələmçilik özündə bir neçə cinayət xarakterini birləşdirir: “Ölkədə ancaq kredit təşkilatlarının vətəndaşlara kredit vermək hüququ var. Sələm isə kreditdən daha dəhşətlidir. Hər ay faiz ödəyirsən, amma “ana məbləğ” yerində qalır. Bu da, vətəndaşların malını-mülkünü itirməsinə, müflisləşməsinə səbəb olur. Ölkəmizin belə çətin vaxtlarında sələmçilərin əl-qol açması, vətəndaşları daha da ağır vəziyyətə salması yol verilməzdir. Təəssüf ki, hüquq mühafizə orqanlarında da, məhkəmə instansiyalarında da bu kimi hallara laqeyd yanaşan, hətta bəzən sələmçinin tərəfini tutan şəxslər az deyil. Sələmçilər vergi ödəmir, hər hansı qanunlar əsasında fəaliyyət göstərmirlər. Hakimlər sələm barədə ən adi bir məlumat eşitdikdə, məhkəmə istintaqı təyin etməli, “borc”un mahiyyətini öyrənməlidirlər.

Təəssüf ki, bəzi hakimlər sələmçilərlə əlbir olur. Sələmçilərin pulu var, kasıb vətəndaşın isə çox vaxt vəkil tutmağa, hüquqlarını müdafiə etməyə imkanı olmur”. A.Qəhrəmanov vurğulayıb ki, Milli Məclisdə də təcili tədbirlər görülməli, bu əmələ dair konkret qanunvericiliyə əlavə və düzəlişlər edilməli, sələmçiliyin cəzası sərtləşdirilməlidir. “Sələmçilik cəmiyyəti içindən yeyib çürüdən virusdur. Bu gün təcili tədbirlər görülməsə, sabah çox gec olacaq. Ağcabədidə baş verən hadisə bizim üçün həyəcan siqnalıdır”, – deyə hüquqşünas əlavə etdi.

Rüfət Əhmədzadə

Qafqaznews.az


Digər xəbərlər

0.24743294715881